Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

0

Son illərdə Azərbaycanda müşahidə olunan dinamik inkişaf tendensiyası yalnız daxili siyasətdə deyil, eyni zamanda xarici diplomatiya sahəsində də özünü büruzə verir. Azərbaycanın beynəlxalq uğurları ildən-ilə artır və həm həmvətənlilərimiz, həm də dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını dövlətimizin milli maraqları çərçivəsində inkişaf etdirir, genişləndirir və yeni uğurla imza atır. Bu sahədə qazanılmış ən böyük uğurlardan biri şübhəsiz ki, Azərbaycan Respublikasının 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsidir.

Məlum olduğu kimi, 2019-cu ildə Bakı Sammitində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etmək üçün namizədliyi yekdil şəkildə dəstəklənmişdir. Bu böyük etimad heç də təsadüfi deyildir. Azərbaycan dünya iqtisadiyyatında və siyasətində ərazisinin ölçüsünə və əhalisinin sayına görə nisbətən kiçik ölkə hesab olunsa da, ölkəmiz 30 illik müstəqilliyi dövründə ildən-ilə qüdrətlənmiş, xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yüksək geoiqtisadi əhəmiyyətli transkontinental enerji, nəqliyyat layihələrinə imza atmış, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmiş, bir sözlə, özünü etibarlı siyasi və iqtisadi tərəfdaş, beynəlxalq münasibətlərin mühüm aktoru kimi təsdiqləmişdir. “Sözümüz imzamızdır” prinsipi cənab İlham Əliyevin həm daxili, həm də xarici siysətində əsas bəlirləyici rol oynamışdır. Zaman keçdikcə, bütün istiqamətlərdə görülmüş işlər bəhrəsini vermişdir. Bu gün, Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdən və beynəlxalq siyasi-iqtisadi proseslərdə söz sahibi olan ölkələrdəndir. Məhz bu gücü və siyasi iradəsi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, eləcə də regionda işğal faktına birdəfəlik son qoyaraq beynəlxalq hüququn pozulan prinsiplərini həyata keçirdi. İstər qlobal bəla koronavirus pandemiyası dövründə, istərsə də hazırda dünyada müşahidə olunan qeyri-stabil situasiyalarla bağlı Azərbaycanın aktiv mövqeyi, əməli təşəbbüsləri və bəşəri qərarları dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanmağa davam edir.

Babaxanova Aynur

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan dili və Ədəbiyyat müəllimi