Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

0

Məlum olduğu kimi, Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycan bu beynəlxalq təsisata qəbul olunarkən, eyni zamanda 2019-cu ildə Bakı Sammitində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşündə Hərakata sədrliyi qəbul edərkən Qoşulmama Hərəkatı üzvlərinin yekdil dəstəyini qazanmışdır. Bu fakt dövlətimizin yüksək beynəlxalq nüfuzunun və dünya ictimaiyyəti tərəfindən qazanılmış hörmət və etimadın bariz göstəricisidir.

İyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirildi. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Məlum olduğu kimi, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatıdır. Azərbaycanın genişmiqyaslı əhatə dairəsinə malik olan bu beynəlxalq təsisata sədrlik etməsi və sədrliyi dövründə təsisatın əməli fəaliyyətində ciddi irəliləyişlərin müşahidə olunması möhtərəm Prezidentimiz İlham Əliyevin xarici diplomatiyasının növbəti uğurudur. Azərbaycanın fəaliyyətinin və qərarlarının 120 üzvü olan Qoşulmama Hərəkatı tərəfindən yekdilliklə dəstəklənməsi ölkəmizin beynəlxalq ictimai nüfuzuna dəlalət edir. Biz Azərbaycana olan dünya ictimaiyyətinin dəstəyini ölkəmiz üçün ən çətin, eyni zamanda şərəfli mübarizə günlərində – 44 günlük Vətən müharibəsi günlərində, eləcə də post-müharibə dövründə əyani şəkildə gördük. Müharibə günlərində Azərbaycanın haqlı mövqelərinin dəstəklənməsi, post-müharibə dövründə isə, Azərbaycan tərəfindən regionda yaradılmış yeni reallıq və şərtlərin dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbulu İlham Əliyev diplomatiyasının gücünü və uzaqgörənliyini bütün dünyaya bir daha göstərdi. Əminik ki, beynəlxalq müstəvidə Azərbaycanın uğur diplomatiyası bundan sonra da davam edəcək və doğma Azərbaycanımızın beynəlxalq uğurları hər bir vətəndaşımızın qürur mənbəyi olmağa davam edəcəkdir.

Manaflı Gülər

132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi