Parlament diplomatiyası

0

İyunun 30-da paytaxt Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirildi. Bu tədbir ölkəmiz üçün bir çox mənada əlamətdar olması ilə diqqəti cəlb etdi.

İlk növbədə, Azərbaycanın növbəti mötəbər beynəlxalq tədbirə uğurla evsahibliyi etməsi və bu tədbirdə dünya ictimaiyyəti üçün mühüm qərarların qəbulu, yeni təşəbbüslərə imza atılması olduqca sevindiricidir. Azərbaycan Respublikasının 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi və dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə belə yüksəksəviyyəli tədbir keçirilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Növbəti dəfə dünya ictimaiyyətinin diqqəti Azərbaycana və Bakıya çevrildi, növbəti dəfə Azərbaycan dünyada öz sözünü dedi. Bu amil olduqca önəmlidir.

İkincisi, Azərbaycan Qoşulmama Hərəkatı beynəlxalq təsisatının institusional əhəmiyyətinin artması və dünyadakı mövqelərinin möhkəmlənməsi üçün ciddi təşəbbüslərlə çıxış etdi. Azərbaycanın sədrliyi altında son illərdə xeyli fəallaşan bu təsisat artıq beynəlxalq əməkdaşlığını həm Parlament Şəbəkəsi, həm də Gənclər Şəbəkəsi vasitəsilə daha da genişləndirəcəkdir. Hər iki istiqamət məhz Azərbaycanın təşəbbüsü ilə yaradılmışdır və gələcəkdə dünyada gedən proseslərə ciddi töhfələr verəcəkdir. Qeyd edək ki, cari ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər qolları rəsmi olaraq fəaliyyətə başlayacaqlar və ilk beynəlxalq tədbirin məhz Bakıda keçirilməsi ölkəmiz üçün yeni əməkdaşlıq üfiqləri açacaqdır.

Üçüncüsü, Azərbaycanın təşəbbüsü ilə beynəlxalq müstəvidə parlament diplomatiyasının inkişafıdır. Bu istiqamətdə mühüm addımlar sırasında 2021-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri tərəfindən imzalanan Bakı Bəyannaməsi xüsusi qeyd olunmalıdır. Bu sənəd parlamentlərarası əməkdaşlığı genişləndirməklə yanaşı, bu gün Qoşulmama Hərəkatı çərçivəsində tətbiq olunan yeni diplomatik cığırların əsasını qoydu.

Bütün bu təşəbbüslər möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşır. Gördüyümüz kimi, cənab İlham Əliyev artıq nəinki regionumuzda, eyni zamanda Türk dünyasında, İslam aləmində, dünyada nüfuzlu dövlət xadimidir. Biz Prezidentimizlə fəxr edirik.

Cavadova Dilşad

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi