“Bandunq prinsipləri”nin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransındakı çıxışında qeyd etdi ki, “Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik.”

Məlum olduğu kimi, “Bandunq prinsipləri”nə ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə daxildir. Bəli, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşmış və əməli fəaliyyətində bu münasibətini göstərmişdir. Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə Azərbaycanın siyasi, tarixi, hüquqi baxımından hər mənada haqlı mövqeləri açıq şəkildə tapdanmışdır. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı ikili standartlar yürütmüş, işğalçıya tolerantlıq nümayiş etdirmiş və Azərbaycanın 1 milyon qaçqınının pozulmuş hüquqlarına göz yummuşdur. Bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn bütün prinsiplərinə qeyd-şərtsiz əməl etmiş və işğalçı ilə danışıq masasında qeyri-bərabər şərtlərdə iştirak etmişdir. İşğalçı Ermənistanın beynəlxalq hüququ açıq şəkildə tapdalaması və cəbhə xəttindəki özbaşınalıqlarının idarə olunmaz hala gəlməsi nəticəsində Azərbaycan xalqı müqəddəs Vətən müharibəsinə qalxmış və işğal altında olan torpaqlarını 44 gün kimi qısa müddətdə azad etmişdir. Bu tarixi qələbə eyni zamanda Azərbaycan diplomatiyasının təntənəsi idi. Belə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini bu dəfə dəstəkləməyə məcbur olmuş və işğalçılıq faktını təsdiqləmişdir.

Post-münaqişə və post-müharibə dövründə Azərbaycan yenə hər zaman olduğu kimi beynəlxalq hüquq tələblərinə, o cümlədən “Bandunq prinsipləri”nə sadiqliyini nümayiş etdirməyə davam etdirir. Biabırçı kapitulyasiya aktına imza atan və məğlubiyyətini qəbul edən işğalçı Ermənistan artıq Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtini də qəbul edib. Bu sülh müqaviləsi məhz “Bandunq prinsipləri”nin bir daha təsdiqidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.”

Beləliklə, Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında haqlı mövqelərini, gücünü və siyasi iradəsini nümayiş etdirir, beynəlxalq əməkdaşlığa, qarşılıqlı hörmətə və birgə fəaliyyətə töhfələrini təqdim edir.

Səfərova Könül

132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi