Mühüm tarixi təşəbbüs – Komando Briqadasının yaradılması

0

Son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq, hərbi quruculuq məsələləri də inkişaf etdirilir. 2021-ci il dekabrın 24-də ölkə başçısı ailəsi ilə birlikdə işğaldan azad olunmuş Xocavəndə və Şuşaya səfər etdi. Bu səfər zamanı Azərbaycan üçün müasir ordu quruculuğu baxımından çox əlamətdar və tarixi hadisə baş verdi. Səfər çərçivəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışını etdi və burada yeni hərbi birləşmənin – Komando Briqadasının yaradılması haqqında məlumat verdi. Komanda Briqadası lokal və irimiqyaslı hərbi əməliyyatların icra edilməsində mütəşəkilliyi ilə fərqlənə bilən qoşun növüdür. Hadrutda yeni hərbi hissənin açılışı və yeni hərbi birləşmə olan Komandoların burada yaradılması strateji əhəmiyyət daşıyan bu bölgədə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinin, ölkəmizdə ordu quruculuğunun prioritet inkişaf sahəsi olduğunun göstəricisidir. Komandoların yaradılması Xüsusi Təyinatlı Qüvvələrin daha da güclənməsinə səbəb olacaq. Azərbaycan Ordusunda peşəkarlığın artırılması, həmçinin digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsinə kömək edəcəkdir.

Yeni komanda birliyi yaradılan Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsində işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bu şərəfli vəzifənin öhdəsindən gəldi. Şuşa əməliyyatı artıq qəhrəmanlıq dastanına çevrilib. Dünyanın ali hərbi məktəblərində Şuşa əməliyyatı müzakirə edilir, təhlil olunur. Şuşa əməliyyatının heç bir artilleriya resursundan, hava hücumundan istifadə edilmədən, sırf xüsusi təyinatlı qüvvələrin bilik və bacarıqları hesabına yüksək peşəkarlıqla icra olunması dünyanın yeni hərb tarixində diqqətəlayiq səhifədir. Bu misilsiz Qələbə sayəsində ordumuzun reytinqi dünya statistikasında kifayət qədər irəliləmiş, sayılıb-seçilən yerlərdən birini tutmuşdur. Həqiqətən də, Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmanaraq, mədəniyyət paytaxtımız və Qarabağın tacı Şuşanı işğalçılardan azad etdilər. Bütün bu nüanslar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir və bu güclənmə prosesi məqsədyönlü şəkildə davam etdirilir. Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkə rəhbərliyi ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.

Artıq ikinci ildir ki, xalqımız 26 iyun – Silahlı Qüvvələr Gününü Müzəffər Ordu, qəhrəman xalq kimi qeyd edir. Bu böyük xoşbəxtlikdir. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın müstəqil Azərbaycan!

Cavadova Dilşad

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi