Milli Ordu quruculuğunda dönüş

0

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib, son illər Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı çox inkişaf edib. Yerli və beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik ordu kimi dəyərləndirirlər. Ölkəmizdəki ordu quruculuğu ənənəsi XX əsrin 90-cı illərində Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində qorunmuş və tarixi varislik prinsiplərinə əsasən davam etdirilərək inkişaf etmişdir.

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm Prezident, həm də Ali Baş Komandan olaraq, əsas diqqəti ordunun qüdrətli olmasına yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər.

Bugünlərdə yaranmasının 104-cü ildönümünü qeyd etdiyimiz qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübut etdi. Güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir.

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan qeyd edir ki, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır… Bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.”

Azərbaycanın hərbi gücü bundan sonra da artacaq, çünki biz güclü olmalıyıq. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə daha da qüdrətlənəcək. Bu da əlbəttə ki, dostumuza sevinc, düşmənimizə əsl gözdağı olacaq.

Babaxanova Aynur

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan dili və Ədəbiyyat müəllimi