Azərbaycan Xalq Cümhuriyyəti ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdır

0

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyinin elan edilməsindən sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil milli ordunun formalaşdırılması və bu ordunun respublikanın müstəqilliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi idi. Ona görə də Azərbaycan hökuməti elə ilk günlərdən bu istiqamətdə mümkün addımların atılmasına başladı. Nazirlər Şurasının sədri Fətəli xan Xoyski sonralar ölkə parlamentində etdiyi çıxışlarından birində bildirirdi ki, “Müstəqillik elan edildikdən sonra Azərbaycanın öz ordusu yox idi. Həmin dövrdə ölkə daxilində hərbi böhran isə dərinləşməkdə davam edirdi. Belə bir şəraitdə Hərbi Nazirliyin formalaşdırılmasına xeyli vaxt ayrılması lazım gələ bilərdi. Ona görə də təcili addım kimi Osmanlı hərbi qüvvələrinin Azərbaycana dəvət edilməsi və onun bazasında Qafqaz İslam Ordusunun yaradılması məqsədəuyğun bilindi.”

Azərbaycanın milli hərbi qüvvələri ilə Azərbaycana gəlmiş Osmanlı hərbi qüvvələrinin bazasında yaradılan Qafqaz İslam Ordusuna Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşa komandan təyin edildi və Azərbaycan hökuməti bu ordunun fəaliyyətinə və Azərbaycan ordusunun təşkilatlandırılmasına rəhbərliyi də Nuru paşaya həvalə etdi. Məlumdur ki, Qafqaz İslam Ordusunun fəaliyyətinin əsasını 1918-ci ilin yayında erməni-bolşevik qüvvələrinə qarşı mübarizə aparmaq təşkil edirdi. 1918-ci ilin iyun ayının ortalarında Qafqaz İslam Ordusunun Qaraməryəm ətrafından başlayan uğurlu hərbi yürüşü 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsi ilə başa çatdı. Bundan sonra Azərbaycanın milli hərbi strukturlarının təşkilatlandırılmasına diqqət bir qədər artırıldı. 1918-ci il noyabr ayının ortalarından etibarən Osmanlı hərbi qüvvələri Azərbaycan ərazisini tərk etməyə başladı və milli hərbi qüvvələrin təşkilatlandırılması məsələsini bütünlüklə Azərbaycan hökuməti öz üzərinə götürdü.

Azərbaycan hökuməti ordu quruculuğuna rəhbərlik edəcək strukturları yaratmaqla bərabər, bu strukturların öz fəaliyyətində rəhbər tutmalı olduğu siyasəti də işləyib hazırladı. 1918-ci ilin sonu və 1919-cu ilin əvvəllərində ordu quruculuğunun uğurlu aparılması üçün bu prosesin hüquqi bazasının yaradılması istiqamətində konkret işlər görülməyə başlandı, Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının qərarları ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov Hərbi nazir, general-leytenant Ə.Şıxlinski isə Hərbi nazirin müavini təyin edildi. Bu qərarlar Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.

AXC ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütövlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda ordu quruculuğu tarixində xarakter etibarilə tamamilə yeni bir səhifə açıldı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla tarixi prosesə başladılar. Xalq Cümhuriyyətinin süqutu nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qalmışdı. Lakin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu prosesinə mühüm töhfə olacaq milli hərbi kadrların hazırlanması istiqamətində tarixi xidmətlər göstərdi. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən dövlət və ordu quruculuğu istiqamətində taleyüklü addımlar atıldı və Azərbaycan Silahlı Qüvvələri elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez-tez səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, ölkənin müdafiə qüdrətini və hərbi potensialını gücləndirmək üçün ciddi addımlar atdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğunu əsas tutaraq müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününü qeyd etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna xüsusi diqqətlə yanaşır.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.”

Bəli, Azərbaycan Silahlı Qüvvələri gücünü bütün dünyaya artıq sübut edib. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik işğal siyasətinə, xalqımızın doğma el-oba üçün Vətən həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz bundan sonra da güclü olmalıyıq, ildən-ilə hərbi qüdrətimizi artırmalıyıq. Yaşasın müstəqil Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan əsgəri!

Səmədova Tünzalə

132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi