26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

0

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Həmin il avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Əfsanəvi general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütövlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər.

Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Azərbaycan əsgəri bu gün Qafqazın ən sivil, modern və hazırlıqlı hərbçisidir. 44 günlük Vətən müharibəsindəki şanlı qələbədən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun böyük döyüş yolu, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlar öz uğurlu nəticəsini verdi və Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq…Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.”

Məmmədova Məlahət

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi