Azərbaycanın müasir inkişafı Milli Qurtuluş Günü ilə əlaqədardır

0

15 iyun tarixi Azərbaycan xalqı üçün çox əlamətdar bir tarixdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi və istəyi ilə Azərbaycanda hakimiyyətə döndü. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

1993-cü ilin iyununda başlanan bu tarixi xronologiya müasir müstəqil Azərbaycanın varlığını, gücünü, müstəqilliyini və xalqımızın firavan yaşayışını, dünyada özünü təsdiqləməsini təmin etdi. Müstəqil Azərbaycan – Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu cümlə doğma Azərbaycanımızın müasir tarixini özündə ehtiva edir. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti olmasaydı, biz bu gün dünyada yüksək nüfuza sahib olan, ildən-ilə yeni iqtisadi, siyasi nailiyyətlər əldə edən müstəqil Azərbaycandan danışa bilməzdik. Heydər Əliyev 1993-cü ilin iyununda məhv olmaq, parçlanmaq uçurumu qarşısında olan Azərbaycanı sözün əsl mənasında xilas etdi, dövlət müstəqilliyimizi qorudu və əbədiləşdirdi, ölkənin stabil və davamlı inkişafı üçün tələb olunan güclü sosial-iqtisadi baza, hüququ dövlət və vətəndaş cəmiyyətinin sağlam təməllərini formalaşdırdı. Azərbaycan kimi dünya miqyasında ərazisinin böyüklüyü və əhalisinin sayına görə kiçik ölkə hesab olunan dövlətə Ulu Öndər Heydər Əliyev kimi böyük siyasətçi, görkəmli dövlət xadimi və dünyada yüksək nüfuza sahib şəxsiyyətin rəhbərlik etməsi Azərbaycan xalqının xoşbəxtliyi və qurtuluşu oldu.

Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə tənəzzüldən tərəqqiyə keçid etdi, davamlı inkişaf yoluna başladı. Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasət Ümummilli Liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycan dövləti ildən-ilə gücləndi, qüdrətləndi və addım-addım Böyük Qələbə Gününə – Azərbaycanın ərazi bütövlüyünün bərpası gününə gəldi.

Əminik ki, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki, bütün ömrünü, həyatını həsr etdiyi Azərbaycanın inkişafı və müstəqil yaşaması məqasədi bu gün tam mənasında reallaşıb. Azərbaycan, Ulu Öndər dediyi kimi, dünyaya günəş kimi parlayır və bundan sonra da parlamağa davam edəcəkdir.

Manaflı Gülər

132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi