Azərbaycan xalqının qurtuluşu – 15 iyun tarixli dönüş nöqtəsi

0

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Azərbaycan xalqının milli maraqlarından kənar hərəkət edən və şəxsi mənafelərini xalqın firavan yaşayışından üstün tutan səriştəsiz hakimiyyət ölkəni parçalanmaq, yox olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Bu səriştəsizlik və hərc-mərclik Azərbaycan dövlətçiliyinin mövcudluğuna ciddi təhdid yaratdı. Ölkədə ciddi ərzaq qıtlığı yaranmışdı, inflayasiya tarixi böhran həddinə çatmışdı, qardaş qırğını təhlükəsi yaranmışdı. Ölkənin şimalında, cənubunda, qərbində ayrı-ayrı dəstələr özbaşınalıq edir və xarici qüvvələrin fitnəsi ilə dövləti parçalamaq hazırlıqları aparırdılar. İdarəolunmaz vəziyyətə çatmış ölkədə vəziyyət işğalçı Ermənistanın Azərbaycan dövlət sərhədlərinə təcavüzləri ilə daha da kəskinləşmiş, torpaqlarımızın işğalının başlanması ilə acınacaqlı hal almışdı. 1992-ci il 26 Fevral – Xocalı soyqırımı ölkədəki vəziyyəti siyasi cəhətdən daha da kəskinləşdirdi. Zor gücünə və dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü 1-2 ay ərzində ölkəni sözün əsl mənasında siyasi, iqtisadi, sosial cəhətdən uçurumun kənarına gətirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi.

Ölkə üçün bu mürəkkəb və təhlükəli şəraitdə Azərbaycan xalqı qurtuluş və nicat yolunu görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Heydər Əliyev Azərbaycan xalqına yaxşı tanış idi. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə Sovet İttifaqında ən geri qalmış son üç ölkədən biri olan Azərbaycan cəmi 13 il ərzində sosial-iqtisadi göstəricilərə görə İttifaqın ön sıralarında olan və özünü müstəqil təmin edən nadir ölkələrdən biri oldu. Heydər Əliyev Sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün ölkənin iqtisadi potensialını yüksəltdi. İndi o dövrdə ölkəmizdə görülən işləri, həyata keçirilən nəhəng iqtisadi, sənaye layihələri qiymətləndirdikdə insan heyrətə gəlir ki, sanki Heydər Əliyev o dövrdə Azərbaycanın nə vaxtsa mütləq müstəqil olacağını bilirdi və bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Heydər Əliyev Sovet dövründə ölkəyə rəhbərliyi zamanı bir çox situasiyalarda özünü vətənpərvər, cəsarətli və uzaqgörən lider siyasətçi, əsl görkəmli şəxsiyyət kimi təsdiqlədi. Bu səbəblərlə, Azərbaycan xalqı 1993-cü ildə ölkəmiz üçün ən mürəkkəb və çıxılmaz vəziyyətdə yenə Ulu Öndər Heydər Əliyevə üz tutdu. Heydər Əliyev əlbəttə ki, xalqının bu müraciətinə biganə qala bilməzdi. Eyni zamanda, o dövrdə ölkəyə rəhbərlik edən səriştəsiz hakimiyyət nümayəndələri özləri də qurtuluş yolunun məhz Heydər Əliyev kimi görkəmli dövlət xadiminin hakimiyyətə geri dəvət olunmasında olduğunu etiraf etmək məcburiyyətində qaldılar. Beləliklə, 1993-cü ilin 9 iyun tarixində Heydər Əliyev Naxçıvandan Bakıya geri döndü. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Beləliklə, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının qurtuluşu üçün dönüş nöqtəsi və müstəqil güclü Azərbaycan dövlətinin quruculuğunun başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyev XX əsrin 90-cı illərində Azərbaycan xalqı və dövlətçiyi üçün ən taleyüklü məqamda xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanın müstəqilliyini qorudu və əbədiləşdirdi. Azərbaycan xalqının milli-maraqlarına xidmət edən Ulu Öndər Heydər Əliyev siyasəti Onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi xalqımızın Böyük qələbəsi və dünyada mövqeyinin, nüfuzunun bir daha təsdiqlənməsi oldu. Azərbaycan xalqı artıq öz taleyinin sahibidir və əminik ki, xalqımız bundan sonra əbədiyyən müzəffər, qalib xalq kimi firavan və sülh, əmin-amanlıq şəraitində yaşayacaq, ildən-ilə inkişaf edəcək və yeni qələbələrə imza atacaqdır.

Səfərova Könül

132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi