Xəzər Neft və Qaz Sərgisi və Konfransı regionun aparıcı beynəlxalq enerji tədbiridir

0

1-2-3 iyun 2022-ci il tarixlərində paytaxt Bakı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycanda Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi olduqca əlamətdar hadisədir. Qlobal pandemiya şəraiti ilə əlaqədar 2 illik fasilədən sonra dünyanın normal iş rejiminə geri dönməsi və bu kimi görüş, tədbirlərin ənənəvi formatda təşkili beynəlxalq və regional əməkdaşlıqların möhkəmlənməsinə böyük töhfədir.

Artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgisi və Konfransı qlobal enerji şirkətlərinin Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, ölkəmizə beynəlxalq diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan xarici sərmayələr ötən dövr ərzində həm bizim, həm də tərəfdaşlarımız üçün faydalılığını ildən-ilə yüksəltdi.

Enerji təhlükəsizliyinin təmini hər zaman Azərbaycan neft siyasətinin başlıca prioriteti olmuşdur. Qlobal dünyadakı qeyri-stabilliklər artdıqca regionumuzda və Avropa məkanında enerji təhlükəsizliyi, enerji təminatı mənbələrinin diversifikasiyası, alternativ enerji mənbələrinin istifadəsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri daha çox diqqəti cəlb etməyə başladı. Bu mənada enerji dialoqu platforması kimi Xəzər Neft və Qaz Sərgisi regionun ən böyük beynəlxalq tədbiri olmaqla, eyni zamanda bir çox dövlətlər və xarici şirkətlər üçün yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu məkana çevrildi.

Azərbaycanın bu kimi mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və ev sahibi kimi çıxış etməsi ölkəmizin regiondakı fəal və söz sahibi iqtisadi aktor rolunu bir daha sübut edir. Azərbaycan hər zaman regionumuzda və beynəlxalq müstəvidə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq tərəfdarı olmuş və bu məqsədlər üçün ciddi əməli addımlar da atmışdır. Regionumuzda Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşması birmənalı olaraq Azərbaycanın siyasi iradəsi və düşünülmüş beynəlxalq diplomatiyası sayəsində mümkün olmuşdur.

Bu il Bakı Enerji Həftəsini biz daha da qürurla izlədik. Çünki, Azərbaycan artıq hər bir beynəlxalq tədbirdə qalib, güclü və etibarlı, sözünə güvənilir dövlət kimi iştirak edir. Dövlət başçısı cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində nitqi zamanı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından danışdı. Hazırda o bölgələrdə sürətli bərpa-quruculuq işləri gedir. Azərbaycan tezliklə həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialını milli iqtisadiyyatımıza cəlb edəcək. O bölgələrdəki bərpa olunan enerji mənbələri, eləcə də Zəngəzurun strateji tranzit mövqeyi Azərbaycanın gücünə güc, nüfuzuna nüfuz qatacaqdır. Biz artıq qalib dövlətin vətəndaşlarıyıq və bu Zəfər xalqımıza çox yaraşır.

Abdullayeva Dölət

132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi