Cənub Qaz Dəhlizinin icrası tarixi hadisədir

0

Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi məşhurlaşsa da, son illər ölkəmizin neftlə yanaşı nəhəng təbii qaz ehtiyatları da diqqəti cəlb edir. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu, Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması marşurutları fəaliyyətini uğurla davam etdirir. Təbii qaz ehtiyatlarından səmərəli istifadə üçün bizə əlbəttə ki, yeni boru kəməri lazım idi. Bu mənada, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinin son dərəcədə mürəkkəb geosiyasi və geoiqtisadi situasiyada birmənalı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi və uğurlu xarici diplomatiyası nəticəsində ərsəyə gəlməsi Azərbaycanın növbəti möhtəşəm iqtisadi uğuru oldu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması Azərbaycanın və tərəfdaşlarının ümumi iradəsinin, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığını nümayiş etdirdi. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi müstəqil Azərbaycanın qüdrətinin və dostluğunun bariz təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimindəki nitqində qeyd etdiyi kimi: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır.”

Azərbaycan Cənub Qaz Dəhlizinin icrası dövründə boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurdu.

Avropanın enerji təhlükəsizliyinin başlıca gündəm olduğu son illərdə Azərbaycan qazına olan tələbat sürətlə artır. Şübhəsiz ki, Bakı Enerji Həftəsi və Azərbaycanın evsahibliyi ilə reallaşan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfrans ölkəmiz üçün növbəti gözəl fürsət olacaq. Hazırda təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbat səviyyəsinə gətirilməsi üçün gözəl işlər görülməyə davam edir. Üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemi olan Cənub Qaz Dəhlizinin tərkib hissələri – həm TAP, həm Cənubi Qafqaz boru kəməri, həm də TANAP sürətli qaydada genişləndirilməlidir və Azərbaycan hökuməti bunun üzərində inamla çalışır.

Əliyeva Lalə

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi