Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb

0

Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınmışdır. İkinci Dünya Müharibəsində Bakı nefti olduqca mühüm rol oynamışdır. Azərbaycan Sovet Sosialist Respublikası dövründə təəssüf ki, xalqımız təbii sərvətləri barədə müstəqil şəkildə sərəncamvermə hüququna sahib deyildi. XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikası təbii sərvətlərinə sahib çıxma, onlar haqqında sərbəst şəkildə sərəncamvermə və gəlirlərindən istifadə etmə hüququ qazandı. Neft müasir müstəqil Azərbaycanın iqtisadi inkişafını təmin edən başlıca iqtisadi amillərdən biri oldu. Lakin, bu nailiyyət heç də özü-özünə əldə olunmadı. Dünyada onlarla neft ölkəsi sadalamaq olar ki, Azərbaycanın iqtisadi inkişafı onlardan dəfələrlə yüksəkdir. Müasir Azərbaycanda müşahidə olunan dinamik inkişaf ilk növbədə ölkə rəhbərliyinin məharətli idarəçiliyi və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasətin uğurlu nəticəsidir. 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının sözün əsl mənasında qurtuluşunun və firavan həyatının başlanğıcı oldu. Bu tarixə kimi müstəqil Azərbaycanın düşdüyü çətin və çıxılmaz vəziyyət ölkəmizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Lakin müdrik Azərbaycan xalqı xilas və nicat yolunu düzgün müəyyənləşdirdi və Ulu Öndər Heydər Əliyev xalqın təkidli istəyi və tələbi ilə Azərbaycanda hakimiyyətə gəldi. Azərbaycanın müstəqil inkişafının təməlini təşkil edən neft strategiyasının müəllifi də məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Müstəqilliyin ilk illərində ölkədəki mürəkkəb və qeyri-stabil vəziyyətdə neft sərvətindən düzgün istifadə və ya hər hansı bir xarici sərmayedən söhbət gedə bilməzdi. 1994-cü ildə isə Azərbaycan “Əsrin Müqaviləsi” adlandırılan nəhəng transkontinental neft müqaviləsinə imza atdı və dünyanın ən nüfuzlu neft şirkətləri Azərbaycana irihəcmli investisiyalar qoydu. Bu investisiyalar ilk növbədə Heydər Əliyev şəxsiyyətinə göstərilən böyük etibar və inamın nəticəsi idi. Beləliklə, Azərbaycan son dərəcə çətin vəziyyətdə müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırmağa nail oldu, daxili bazarda tələbatları tam təmin edtdi və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa başladı. Bu, Ulu Öndər Heydər Əliyevin fenomenal diplomatiyasının böyük qələbəsi idi. Bundan sonra müstəqil Azərbaycanın dinamik iqtisadi inkişafı məhz “Əsrin Müqaviləsi”ndən gələn gəlirlər üzərində quruldu, ölkəmizin istisnasız bütün sosial-iqtisadi sahələri yenidən quruldu və gələcək davamlı inkişaf üçün möhkəm, sarsılmaz təməllər yaradıldı.

Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Beləliklə, Azərbaycan neftini Qara dənizə və Avropaya çatdırmaq, dünya bazarına daxil olmaq üçün mümkün ən faydalı nəqliyyat dəhlizi əldə etdi.

Bu uğurların davamı kimi, bir çoxlarının reallaşacağına inamadığı Bakı-Tbilisi-Ceyhan nəhəng neft boru kəməri layihəsi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və məharətli diplomatiyası, eləcə də Ümummilli Liderimizin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi və düşünülmüş idarəçiliyi nəticəsində mümkün oldu. Azərbaycan bu irimiqyaslı layihələr sayəsində beynəlxalq ictimaiyyət qarşısında özünü etibarlı tərəfdaş və sözünün sahibi ölkə kimi təqdim və təsdiq etdi. Bakı-Tbilisi-Ceyhan infrastrukturu fasilə olmadan fəaliyyətdədir və Azərbaycana yeni faydalar qazandırmağa davam edir.

Ötən həftə Bakı Enerji Həftəsi çərçivəsində uğurla keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransı Azərbaycanın uğurlu neft strategiyasının növbəti uğuru və gələcək əməkdaşlıq üçün irəliyə atılmış növbəti addımların təzahürü oldu. Azərbaycan dünyanın aparıcı dövlətləri və nəhəng maqnat şirkətlərlə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını davam etdirir və neft-qaz sənayesi sahəsində fəaliyyətini ildən-ilə genişləndirir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Əminik ki, gələcək hər növbəti il Azərbaycan üçün yeni qələbələr və nailiyyətlər ilə yadda qalacaq.

Əfəndiyeva Aygün

132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi