Təhsil Kompleksinin “6 d” sinif şagirdi Əsədzadə Rəsul sinif otaqlarında bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə ilə çıxış edib

0

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işi davam edir, əsasən Biologiya və Həyat bilgisi müəllimləri tərəfindən bu mövzuda müxtəlif yaş qrupları üzrə sinif şagirdləri üçün xüsusi maarifləndirmə dərsləri təşkil olunur.

Təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin uğurlu nəticələrindən biri bu tədris ilində Azərbaycan bölməsi “6 d” sinif şagirdləri tərəfindən ilboyu həyata keçirilən layihə oldu.

“6 d” sinif şagirdi Əsədzadə Rəsul sinif otaqlarında bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə ilə çıxış edib. Layihənin əsas məqsədi məktəblilərin ətraf mühitin mühafizəsinə və kağız emalı nəticəsində ağacların kəsilməkdən qorunmasına töhfə verməkdən ibarətdir.

Kompleksin Biologiya müəllimi və “6 d” sinifinin sinif rəhbəri, “Tərəqqi” medalı ilə təltif olunan Xanım Muradova tərəfindən ilboyu şagirdlərin bərk məişət tullantılarının idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzularında xüsusi maarifləndirmə dərsləri təşkil olunmuşdur.

Rəsulun bərk məişət tullantılarının sinif otaqlarında çeşidlənməsi layihəsi tədris ilinin son günlərinə qədər davam etmiş və “6 d” sinif şagirdləri bu məsələdə nümunəvi fəaliyyətləri ilə təqdir qazanmışlar.