Kompleksin Rus bölməsi 6-cı sinif şagirdlərinin iştirakı ilə “Aral – səhraya çevrilmiş dəniz” mövzusunda interaktiv-öyrədici layihə

0

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində məktəblilərin su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı mövzularda maarifləndirilməsi məqsədilə 132-134 nömrəli Təhsil Kompleksində bu il xüsusi dərslər və müxtəlif interaktiv-öyrədici layihələr təşkil olunmuşdur.

Bu layihələrdən biri Kompleksin Rus bölməsi 6-cı sinif şagirdlərinin iştirakı ilə “Aral – səhraya çevrilmiş dəniz” mövzusunda keçirilmişdir. Layihə Kompleksin Coğrafiya müəllimi Nailə Hüseynovanın rəhbərliyi ilə reallaşdırılmışdır.

“6 a”, “6 c” və “6 d” sinif şagirdləri “Aral – səhraya çevrilmiş dəniz” mövzusunda araşdırmalar aparmış, mövzuya dair hazırladıqları ekoloji fəlakətin miqyasına və nəticələrinə diqqət çəkən müxtəlif maketlər, rəsmlər, plakatlar əsasında maraqlı təqdimatlarla çıxış etmişlər.

Dərsdə qeyd olunmuşdur ki, son onilliklərdə Aral dənizindəki su səviyyəsində ciddi dəyişikliklər müşahidə olunmuşdur. 30 il əvvəl Aral dənizi sahəsinə görə dünyanın dördüncü gölü idi. İndi isə bu dənizin “dibində” dəvə sürüləri otlayır. Aral dənizinin qurumasının günahkarı insanlardır. Məhz insanların təsərrüfat fəaliyyəti nəticəsində Aral “yoxa” çıxmışdır. Bu faciə qlobal ekoloji fəlakətin xəbərçisidir. Təbiət məhv olduqca, insan həyatı da məhv olacaqdır. İnsanlar planetimizin taleyi üçün məsuliyyət daşımalıdırlar.

Şagirdlər daha bir məsələyə diqqət çəkdilər ki, Aral dənizindəki öncəki vəziyyətin tam bərpası mümkünsüz kimi görünsə də, su səviyyəsinin yüksəldilməsi üçün müəyyən tədbirlər həyata keçirilə bilər. Məktəblilər Aral dənizindəki ekoloji fəlakətin qarşısının alınması üçün təkliflər də irəli sürdülər.