Azad Qarabağımızda bərpa-quruculuq işləri surətlə davam edir

0

Azərbaycan xalqı tarixi Qarabağ Zəfərini, Böyük Qələbə gününü həsrətlə gözləyirdi. Nəhayət, o böyük gün gəldi və qəhrəman Azərbaycan xalqı azad Qarabağ torpağına qovuşdu. Xalqımızın əzəli torpaqlarına “Böyük qayıdış”ı dediyimiz prosesə artıq start verilib. Hamımız 30 il işğal altında saxlanılan torpaqlarımızdakı dağıntıları, erməni vandalizminin izlərini böyük ürək ağrısı ilə müşahidə edirik. Azərbaycan isə cəmi bir il altı ay ərzində düşməndən təmizlənən torpaqlarımızda möhtəşəm bərpa-quruculuq işləri aparır. Bu mənada da Azərbaycan dövləti dünyaya böyük nümunədir.

Biz sahibi olduğumuz torpaqları cənnətə çeviririk. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. İllərlə Vətən torpağı həsrətini çəkən xalqımız, o yurd-yuvanın insanları, xüsusilə gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Lakin insanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. Minatəmizləmə işi hələ də davam edir. İnsanlar ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar. Bu qeyri-insani hərəkətlər erməni vandalizminin növbəti təzahürləridir.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında xalqımızın tarixi, mədəni, dini irsi böyük həssaslıqla və dəyərlərimizə hörmətlə bərpa edilir. Bütün bu işlərə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik edir. Dövlət başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə çoxsaylı layihələr icra edir.

Bütün bu işlər Azərbaycan xalqının firavan gələcəyi, rahat həyat şəraiti üçün görülür. Biz də, hər birimiz çalışdığımız sahədə öz fəaliyyətimizlə ölkəmizdə görülən bu möhtəşəm işlərə töhfələr verməli və doğma Azərbaycanımızın çiçəklənməsi üçün əlimizdən gələni etməliyik.

Babayeva Hüriyyə

132-134 nömrəli Təhsil Kompleksinin Kimya müəllimi