Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır

0

Azərbaycan xalqı çətin mübarizələr şəraitində XX əsrdə iki dəfə müstəqilliyini əldə etməyə nail olmuşdur. XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika quran xalqımız XX əsrin sonlarında müstəqilliyini bərpa etmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər, onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, onun möhkəmləndirilməsinə görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin verdiyi töhfələr əvəzsizdir.

Belə ki, 1918-ci ildə müstəqillik əldə edən ilk respublika cəmi iki il yaşaya bildi. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 1991-ci ildə müstəqilliyin bərpasından sonra yenə bir il səkkiz ay ərazində 1993-cü ilin mayında Azərbaycan dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək, yox olmaq təhlükəsi ilə üzləşdi. Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı. Beləliklə, 1993-cü ilin iyunundan – Azərbaycan xalqının Ulu Öndərə müraciət edib Onu hakimiyyətə dəvət edəndən sonra bizim əsl müstəqillik həyatımız başladı. Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən, öz təbii resurslarına özün sahib çıxasan, təbii sərvətlərindən öz xalqının rifahı üçün istifadə edəsən, güclü ordu, güclü iqtisadiyyat qurasan ki, dövlət sərhədlərini və torpaqlarını qorumaq üçün heç bir xarici qüvvəyə möhtac olmayasan. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün xilaskarlıq missiyası məhz bu məqamda özünü büruzə verir. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirdi, əhəmiyyətli addımlar atdı, Azərbaycanın müstəqilliyini xilas etdi və əbədiləşdirdi. Azərbaycan xalqının parlaq gələcəyini təmin edən bu siyasət Ulu Öndərin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub. Azərbaycanın hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır. Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrəti ildən-ilə artır. Biz güclü olmalıyıq, güclü olmalıyıq ki, tariximizə, torpaqlarımıza, Vətənimizə sahib çıxaq. Azərbacan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz gənclərimizi bu milli-mənəvi dəyərlər və Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə etməliyik.

Qurbanova Lalə

132-134 nömrəli Təhsil Kompleksinin Texnologiya, STEAM müəllimi