Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq

0

Azərbaycanın yerləşdiyi geosiyasi bölgə tarixən böyük güclərin maraq dairəsində olmuşdur. Təbii zənginliyi ilə seçilən bu torpaqlar uğrunda daim mübarizə aparılmış və tarixən bu diyarda məskunlaşmış Azərbaycan xalqı torpaqlarını xarici işğlaçılardan müdafiə etməyə məcbur olmuşdur. Rus imperiyası uzun tarixi dövr ərzində bu bölgədə “Parçala və hökm sür!” prinsipi ilə siyasət aparmış, yerli xanlıqları təsir dairəsinə salmışdır. Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl – 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika yaradaraq müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşadı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq, çünki Azərbaycan dövlətçilik ənənələrini zənginləşdirən birinci respublika qısa ömrü müddətində çoxsaylı yeniliklərə, yeni demokratik əsaslara imza atdı.

Tarixi faktları olduğu kimi qeyd etmək lazımdır. Çünki tarixdə heç kim və heç nə unudulmur. Müəyyən dövrdə baş verən hadisələri təsvir və təhlil etdikdə o dövrün ictimai-siyasi şərtlərini və güclər nisbətini mütləq nəzərə almaq və məsələləri subyektiv yox, obyektiv baxış açısından qiymətləndirmək lazımdır. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 

1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Bu proseslərə əlbəttə ki, böyük güclər havadarlıq edirdi. Bu bölgəyə köçmə olan ermənilər hər zaman başqalarının siyasi oyunlarında maşa olublar və fürsətdən istifadə edərək bu bölgələrə yerləşərək yerli müsəlman əhalisinə qarşı qanlı cinayətlər törədiblər.

Azərbaycan xalqının torpaqlarında gözü olan ermənilər 1990-cı illərin əvvələrində müstəqilliyini bərpa edən və səriştəsiz hakimiyyətin bacarıqsızlığı nəticəsində siyasi hərc-mərclik meydanına çevrilən Azərbaycandakı siyasi, iqtisadi və hərbi boşluqlardan istifadə edərək və bəlli böyük güclərdən dəstək alaraq Azərbaycan torpaqlarının 20%-ini işğal etdi və bu işğal 30 il davam etdi. Nəhayət, 2020-ci ildə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müqəddəs Vətən müharibəsində əzəli düşmənindən illərin qisasını aldı və tarixi torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Biz bu möhtəşəm tarixin addım-addım yazılmasına şahidlik etdik. 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanımızın hərb tarixinin ən şanlı səhifələrindəndir. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm tarixi ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Arzu edirik ki, xalqımız bundan sonra əbədiyyən sülh, əmin-amanlıq və firavan şəraitdə yaşasın.

Cavadova Dilşad 

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi