Erməni vandalizminin təzahürləri

0

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını böyük sevinc və hədsiz qürur hissi ilə qarşıladı. İşğaldan azad olunan hər bir qarış Vətən torpağı bizim üçün əziz və müqəddəsdir. Dədə-baba ocaqlarımızı dağıdılmış görmək Azərbaycan xalqının başına gətirilən müsibətlərin əyani sübutudur. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Bu bölgəyə gəlmə olan ermənilərin bu kimi vandalizm əməllərinin əsas məqsədi Azərbaycanın əzəli torpaqları olan Qarabağda və Şərqi Zəngəzurda xalqımızın tarixi, mədəni, dini irsini bilərək silmək olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın işğaldan azad olunan torpaqlarındakı kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

Bütün bu qeyd olunanlar işğalçı Ermənistanın faktlarla təsdiqlənən hərbi cinayətləridir. Təəssüf ki, dünya ictimaiyyəti 44 günlük Vətən müharibəsinə kimi bütün bu həqiqətlərə bilərək göz yumurdu. Lakin müdrik Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz gücünə tarixi ədaləti bərpa etdi və işğal altında olan torpaqlarını azad etdi. Ermənistanın hərbi cinayətləri əyani dəlillərlə sənədləşdirilir və Azərbaycan xalqına qarşı bu əməlləri törədənlər mütləq cavab verəcəklər. Keçmiş münaqişədə erməni vandalizmi eybəcər sifətini bütün dünyaya göstərdi, dünya ictimaiyyəti Azərbaycanın haqlı mübarizəsini etiraf etdi və regionda qalib Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul etdi. Bu, tarixi qələbədir. Azərbaycan xalqının əzəli düşməni üzərindəki möhtəşəm, tarixi və inamlı qələbəsi.

Qurbanova Lalə

132-134 nömrəli Təhsil Kompleksinin Texnologiya, STEAM müəllimi