Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

0

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm Qarabağ Zəfəri və Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunması ilə nəticələndi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 gün müddətində hər gün Azərbaycan xalqına yeni qələbə sevincləri, hər gün yeni azad olunan ərazilər barədə şad xəbərlər bəxş etdi. Bəşər tarixində nadir hadisələrdəndir ki, bir Ordu müharibə ərzində yalnız irəli getsin, hər gün düşməni ağır məğlubiyyətə uğratsın, hər gün xalq yeni qələbələrə sevinsin. Azərbaycan xalqı bəlkə də dünyada yeganə xalqdır ki, hər gün dua edirdi ki, müharibə davam etsin. Müharibə itkisiz, fədakarlıqsız olmur. İşğaldan azad olunan hər qarış Azərbaycan torpağı üçün biz Şəhidlərimizə, qazilərimizə minnətdarıq. Lakin bütün bu ağır itkilərə baxmayaraq, işğalçı Ermənistanın Gəncədə, Bərdədə, Tərtərdə, cəbhə bölgəsindən uzaq ərazilərdə dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı terror aktlarına baxmayaraq Azərbaycan xalqı müharibə günlərində düşmənin başını əzən Dəmir Yumruğa çevrildi və müqədəs Vətən torpağının azadlığı uğrunda sonuna qədər getdi, Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin hər bir qərarını dəstəklədi.

Qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini işğalda azad etdi. O torpaqların hər qarışı bizim üçün əzizdir. Hazırda o torpaqlarımız azad nəfəs alsa da, işğaldan azad olunan torpaqlarda mövcud dağıntılar, erməni faşizminin ürək ağrıdan izləri, Azərbaycan xalqının əzəli torpaqlarımızdakı tarixi, mədəni, dini irsimizin silinmə cəhdləri hamımızı dərindən yaralıyır. Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında qeyd etdiyi kimi, “Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir.” Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Azərbaycan xalqının işğaldan azad olunan torpaqlardakı tarixi, mədəni, dini irsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə milli-mənəvi dəyərlərimizə uyğun bərpa olunur. Azərbaycan xalqı bu möhtəşəm quruculuq-bərpa işlərini böyük sevinc və qürur hissi ilə qarşılayır. Cənab Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın işğaldan azad olunan bölgələrində nümunəvi yaşayış bölgələri yaradılacaq və Azərbaycan xalqı bundan sonra azad Qarabağ və Şərqi Zəngəzurda firavan və təhlükəsiz şəraitdə yaşayacaq.

Cavadova Dilşad

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi