Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir

0

2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan xalqı 30 illik işğala son qoydu və xalqımızın azad Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı başladı. 2021-ci il post-müharibə dövründə Böyük Bərpa ili kimi yaddaşlara yazıldı, bir çox işğaldan azad olunan şəhərlərimizin bərpasının təməl daşları qoyuldu. O torpaqlarda Azərbaycan nümunəvi yaşayış bölgəsi yaradacaq və bütün dünya şahidlik edəcək ki, xalqımız nələrə qadirdir. Zəngilan sərhəd bölgəsi olmaqla eyni zamanda Zəngəzur dəhlizində ölkəmiz üçün mühüm strateji əhəmiyyət daşıyan rayonlarımızdandır. Gələcəkdə beynəlxalq logistika mərkəzinə çevriləcək olan Zəngilan həm də keçmiş məcburi köçkünlərin təməlli yaşamaq üçün geri qayıdacağı birinci rayon olması ilə əlamətdardır. Azad olunmuş torpaqlarımızın bərpası üçün ilk pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Təəssüf ki, 30 illk işğal Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıdan ölçüyəgəlməz ekoloji zərər, erməni vandalizmi, vəhşiliyi və talançılığı ilə yadda qaldı. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi erməni vandalları tərəfindən məhv edilib. İşğalçı Ermənistan törətdiyi bu əməlləri ilə eybəcər sifətini bütün dünyaya göstərdi. Azərbaycan isə dədə-baba torpaqlarını bərpa etmək üçün artıq mütərəqqi tədbirlərə başlayıb. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, biz işlərimizi sistemli, planlı şəkildə təşkil edirik, o torpaqlarda gələcək inkişaf və iqtisadi potensialı maksimum realizə etmək üçün mütərəqqi tədbirlər görülür, böyük infrastruktur layihələri icra olunur. Zəngilandan keçən yeni beynəlxalq yol inşa olunur, Füzulidən sonra Zəngilanda ikinci hava limanı məhz Zəngilanda tikilir. Azad edilmiş ərazilərdə birinci Aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Bütün bu işlər Azərbaycan xalqının firavan gələcəyi üçün həyata keçirilir. Biz gələcəyə inamla baxırıq və bilirik ki, cənab İlham Əliyevin siyasəti xalqımızın milli-maraqlarına xidmət edir.

Abdullayeva Dölət

132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi