132-134 nömrəli Təhsil Kompleksinin “Kiçik Akademiyası”nın üzvləri “Qarabağ Azərbaycandır!” layihəsini təqdim etdilər

0

132-134 nömrəli Təhsil Kompleksində məktəblilərin xalqımızın milli-mənəvi dəyərlərinə bağlı, yüksək vətənpərvərlik ruhunda təlim-tərbiyəsi və Azərbaycan tarixinin dərindən öyrənilməsi hər zaman başlıca prioritetlər olmuşdur.

Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər məktəbliləri vətənpərvərlik ruhunda maraqlı layihələr hazırlamağa, Azərbaycanın əzəli torpaqları haqqında yeni araşdırmalar aparmağa, Qarabağın tarixini dərindən öyrənməyə və təbliğ etməyə daha da həvəsləndirmişdir.

Noyabrın 5-də Kompleksin “Kiçik Akademiyası”nın üzvləri olan 7-ci sinif şagirdləri 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Azərbaycan rayonlarının tarixi haqqında biologiya və həyat bilgisi müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə maraqlı təqdimat layihəsi ilə çıxış etdilər. 2021-ci ilin iyunundan başlayaraq bu layihə üzərində çalışan məktəblilər Şuşa və Xankəndi şəhərləri, Ağdərə, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları haqqında əsaslı tarixi araşdırmalar apardılar, hər bir rayonun simvolu olan tarixi-mədəni abidələrin maketlərini öz əlləri ilə hazırladılar, rəsmlər çəkdilər və xalqımızın ata-baba torpaqları haqqında tarixi-coğrafi arayışlar və məlumat bukletləri tərtib etdilər. Kompleksin bütün 7-ci sinif şagirdlərinin cəlb olunduğu və hər bir sinifin 2 seçilmiş rayon üzərində çalışdığı layihənin təqdimatı açıq dərs formatında Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri və Kompleksin rəhbərliyinin iştirakı ilə keçirildi.

Layihə təqdimatı çərçivəsində məktəblilər araşdırma apardıqları rayonlar haqqında hazırladıqları maketləri təqdim etdilər və video-təqdimat formatında maraqlı tarixi-coğrafi məruzələrlə çıxışlar etdilər.

Bu gözəl layihəni ərsəyə gətirən məktəblilər Təhsil Kompleksinin Diplomları ilə təltif olundular.