Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova şagirdlər qarşısında çıxış edərək bildirib ki, bu gün Vətənimizdə, ölkəmizdə kədərli bir gündür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız zaman-zaman doğma torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında baş verən hadisələr Azərbaycanın tarixi ərazisində kəndlərin, şəhərlərin dağıdılması, on minlərlə günahsız insanın həlak olması, yüz minlərlə vətəndaşımızın öz ata-baba torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilən ən ağır, ən qatı cinayətlərdən biridir.
S.Xanlarova həmçinin qeyd edib ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. O, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirib.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub.
Çıxışının sonunda Təhsil Kompleksinin direktoru bir daha vurğulayıb ki, ermənilərin qəsbkarlıq siyasəti azərbaycanlılara, ümumilikdə bütün bəşəriyyətə qarşı yönəlib. Düşmənin Xocalıda törətdiyi qanlı faciə heç zaman unudulmayacaq.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “Xocalı harayı” adlı bədii kompozisiya nümayiş etdiriblər.