Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova şəhidlərin ailələrinə və xalqımıza səbir diləyib, bizim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, lakin Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyini vurğulayıb.Bildirib ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edilib. S.Xanlarova qeyd edib ki, düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş bütün bu nailiyyətlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən, maddi-texniki bazası gücləndirilən Silahlı Qüvvələrimizin və bütövlükdə bütün xalqımızın növbəti uğurudur. Azərbaycan ordusunun qüdrəti bütün xalqımızda böyük ruh yüksəkliyi və qələbəyə inam yaradıb.
132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri təxribatçı düşmənə layiqli cavab verən ordumuzla, əsgərlərimizlə fəxr etdiklərini və hər zaman vətənin keşiyində durmağa hazır olduqlarını bildiriblər.