Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində soyqırımına həsr edilmiş rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin tarix müəllimi Aygün Əfəndiyeva erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan danışıb. Bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart qətliamı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız erməni daşnak birlikləri tərəfindən qoca, qadın, uşaq demədən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən danışıb.
Tədbirdə Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyasının kollektivi Z.D.Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşasını nümayiş etdiriblər. Tamaşanın rejissoru və bədii rəhbəri Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.