• tr

“Xocalı -22 il” adlı tədbir keçirildi

0

Bakının 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova çıxış edərək 22 il bundan əvvəl erməni hərbi birləşmələrinin xalqımıza qarşı törətdikləri Xocalı faciəsindən söhbət açmışdır. Bildirilmişdir ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Vurğulanmışdır ki, bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulanmış, faciə ilə bağlı müxtəlif ölkələrdə hər il silsilə tədbirlərin keçirildiyi bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir.
Prezident İlham Əliyevin faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyi bildirilmişdir. Bildirilmişdir ki, bütün bunlar gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər.
Qeyd edilmişdir ki, Azərbaycan gəncləri bəşəriyyətə qarşı amansız cinayət olan Xocalı soyqırımını heç vaxt unutmamalı, ədalət bərpa olunanadək bu vəhşiliyin dünyaya bəyan edilməsi uğrunda mübarizə aparmalıdırlar.
Sonra 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Xocalı soyqırımı haqqında şeirlər səsləndirmiş, ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Sonda Təhsil Kompleksi şagirdlərinin hazırladıqları “Xocalı faciəsindən 22 il ötür” adlı film nümayiş etdirilmişdir.

PAYLAŞ

132-134-admin

Bizə Yazın