132-134 nömrəli Təhsil Kompleksində Bilik günü qeyd olunub

0

Sentyabrın 15-də ölkəmizdə növbəti tədris ili başlandı. Bu əlamətdar günü şagirdlər, müəllimlər və valideynlər həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd edirlər. Bilik günü Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində də təntənəli mərasimlə qeyd olunub.

 

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. S.Xanlarova ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyinin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışıb. O, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların ilk növbədə ölkəmizin xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb. Qeyd edib ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. S.Xanlarova bildirib ki, 150 yaşlı bu tarixi binada 2010-cu ildə Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işlərinin aparılması dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

 

Bu il təhsil kompleksində XI sinfi 87 şagird bitirib, onlardan 79-u respublikamızın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul edilib.

Kompleksdəki tədris barədə məlumat verən Sara Xanlarova bildirib ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.

 

Direktor, həmçinin təhsil kompleksinin nəzdində fəaliyyət göstərən “Ana məktəb” barədə də məlumat verib. Diqqətə çatdırıb ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların üç yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsidir.

 

Təhsil Kompleksinin direktoru həmçinin bu əlamətdar günün birincilər üçün xüsusilə önəmli olduğunu vurğuladı. 15 sentyabr, bu gün birinci sinfə qədəm qoyan balacaların həyatlarının ən vacib günlərindən biridir. Çünki onlar həyatlarında çox mühüm mərhələ olan bir dövrə qədəm qoyurlar.

Tədbirdə birinci sinif şagirdləri üçün hazırlanmış rəqslər və mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olundu. Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.

Qeyd edək ki, 15 sentyabr-Bilik günü ilk dərslər  “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

 

Share.

About Author

Leave A Reply