132-134 nömrəli təhsil kompleksində Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr edilmiş tədbir

0

132-134 nömrəli Təhsil Kompleksində görkəmli aktrisa, teatr xadimi, Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycan Prezidenti İlham Əliyevin Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.

Məktəbin məzunu olmuş L.Bədirbəylinin mənalı və şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışan Sara Xanlarova onun mədəniyyətimizə, incəsənətimizə əvəzsiz töhfələr verdiyini deyib.

Qeyd olunub ki, Leyla Bədirbəyli əvvəlcə filarmoniyada solist kimi çalışıb, 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. Aktrisa müxtəlif filmlərdə (“Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “O olmasın, bu olsun”, “Onun böyük ürəyi”, “Sevil”, “Səbuhi” və s.) çəkilib, ölməz obrazlar Dezdemona (“Otello”), Nərminə (“Göz həkimi”), Solmaz (“Od gəlini”), Liza (“Canlı meyit”), Fəxrəndə (“Mahnı dağlarda qaldı”) yaradıb.

S.Xanlarova fitri istedada malik aktrisanın yaratdığı bənzərsiz obrazlarla sənət tarixində silinməz iz qoyduğunu bildirib. Direktor vurğulayıb ki, Xalq artisti Leyla Bədirbəyli səhnəmizin sönməyən işığı, incəsənətimizin, teatr sənətimizin parlaq simasıdır. Onun əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli və digər çıxış edən aktyor və aktrisalar da Leyla Bədirbəylinin yaradıcılığı ilə bağlı fikirlərini diqqətə çatdırıb, onun bənzərsiz sənətkar olduğunu söyləyib, xatirələrini bölüşüblər.

Aktrisanın qızı Bikə Aslanova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonra Xalq artisti Leyla Bədirbəylinin çəkildiyi filmlərdən parçalar göstərilib, məktəblilərin ifasında görkəmli sənətkarın yaratdığı obrazlar təqdim olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin