“Xocalı harayı” adlı tədbir keçirilib

0

Fevralın 25-də 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı harayı” adlı tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Kompleksin direktoru  vurğulayıb ki, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Sonra YAP-ın Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, polis polkovnik-leytenantı Emin Cavadov, polis mayoru Barat Novruzov çıxış edərək Xocalı soyqırımının tarixindən bəhs ediblər. Çıxışlarda 1992-ci il fevralın 25-i gecə saatlarından başlayaraq şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulduğu, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb. Məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc əhaliyə divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here