132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub

0

Fevralın 14-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

“Sabahın alimləri” Respublika müsabiqəsinin əhəmiyyətini diqqətə çatdıran nazir müavini bildirib ki, şagirdlərin inkişafında mühüm rol oynayan bu müsabiqəyə maraq ilbəil artır.

Ölkəmizdə “Sabahın alimləri” Respublika müsabiqəsinin 8-ci dəfə keçirildiyini söyləyən Məhəbbət Vəliyeva deyib ki, bu müddət ərzində müsabiqəyə 1500-dək şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə 900-ə yaxın layihə təqdim edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

Bu il Münsiflər Heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olunub. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir.

Mərasimdə, həmçinin ABŞ-da keçiriləcək Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 6 layihə üzrə 8 şagirdin adı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin yekununda  132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Hacıbalayev Əhmədağa, Məmmədov Qafur, Məmmədova Almaz və Əliyeva Tahirə uğur əldə edərək qalib adını qazanıblar

Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə təşkil olunur. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb. Müsabiqənin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən InteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here