Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın əziz xatirəsi ürəklərdə yaşayır

0

Böyük alimin şərqşünaslıq elmi sahəsindəki tədqiqatları bu gün də olduqca aktual və əhəmiyyətlidir

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, elm təşkilatçısı, ictimai xadim Aida xanım İmanquliyevanın anadan olmasının 79-cu ildönümünə həsr edilmiş “Nəsillərə örnək olan ömür” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr edilən fotoguşə ilə tanış olublar.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın mənalı və şərəfli ömür yolundan danışıb, onun zəngin elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb. Ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Aida İmanquliyevanın Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini vurğulayan direktor alimin üç monoqrafiyanın (“Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), çoxlu sayda elmi məqalələrin müəllifi olduğunu söyləyib.

Vurğulanıb ki, böyük alim Aida xanım İmanquliyevanın əziz xatirəsi ürəklərdə yaşayır.

S.Xanlarova Aida xanımın həm də xeyirxah, nəcib insan, qayğıkeş ANA olduğunu deyib, onun dünyamıza, xalqımıza, cəmiyyətimizə yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini söyləyib. Bildirilib ki, Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın anasıdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanda ərəbşünaslıq sahəsində elmi məktəb yaradan professor Aida xanım İmanquliyeva həm dünyada tanınan böyük alim, həm də bacarıqlı pedaqoq, tərcüməçi, görkəmli şəxsiyyət idi. Onun şərqşünaslıq elmi sahəsindəki tədqiqatları bu gün də olduqca aktual və əhəmiyyətlidir.

Böyük alimin tələbəsi, AMEA Alimlər Evinin direktoru, dosent Nuridə Quliyeva professor Aida xanım ilə bağlı xatirələrini bölüşüb, onun əsl pedaqoq, mehriban bir insan olduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Aida xanım İmanquliyevanın elm və təhsilimizə verdiyi əvəzsiz töhfələrdən bəhs edib.

Sonra böyük alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here