Təhsil Kompleksində görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılmışdır

0

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə iştirakçılar məktəbin tarix muzeyində alimin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər və tarixi məlumatlar ilə tanış olmuşlar.

Tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova Azərbaycan şərqşünaslığında yeni dövr – ərəb ədəbiyyatının ilk tədqiqatçısı Aida İmanquliyevanın mənalı ömür yolundan, elmə, xüsusilə şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən danışmışdır.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir.

Elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında əvəzsiz rolu olan Aida İmanquliyeva dəyərli monoqrafiyaların və çoxsaylı elmi məqalənin müəllifidir.

Aida xanımın atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyevin Azərbaycanın mətbuat tarixində müstəsna xidmətləri olmuşdur. N.İmanquliyev uzun illər “Bakı” və “Baku” axşam qəzetlərinin redaktoru işləmişdir.

S.Xanlarova Aida xanımın həm də gözəl qadın, ana, həyat yoldaşı olduğunu, Azərbaycan qadınına örnək bir ömür yaşadığını xatırlatmışdır. Qeyd edilmişdir ki, bu gün keçirilən tədbir Təhsil Kompleksinin başladığı yeni bir layihənin – “Məşhur məzunlar” layihəsinin də əsasını qoyur. Belə ki, görkəmli alim Aida İmanquliyeva 132 nömrəli orta məktəbi qızıl medalla bitirən məzunlarımızdandır.

Təhsil Kompleksi bu layihənin ilk tədbirini də məhz Aida İmanquliyevanın doğum günü ərəfəsində həyata keçirir. Layihənin əsas məqsədi məktəbimizi bitirən məşhur məzunlar haqqında tədbirlər təşkil etmək, onların şərəfli həyat yolu barədə məlumatlar verməkdən ibarətdir.

Görkəmli alimin ömür yolundan bəhs edən film nümayiş etdirildi.

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli professor Aida İmanquliyevanın zəngin elmi irsindən, qazandığı elmi nailiyyətlərdən bəhs etdi.

Sonra şagirdlər alimin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here