İtaliya ilə Azərbaycan dövlətləri arasında təhsil əlaqələri genişlənir

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Gələcəyin məktəbi” adlı çoxmədəniyyətli və çoxdilli təhsil layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirildikdən sonra Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından ətraflı danışmışdır. Qeyd olunmuşdur ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşısına məqsəd qoymuşdur. Belə ki, burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir. Direktor bundan sonra təhsil müəssisəsinin nəzdindəki “Ana məktəb”də italyan dilinin tədris olunacağını bildirərək bundan məmnunluq hissi keçirdiyini bildirmişdir. Belə ki,bu layihə İtaliya və Azərbaycan dövlətləri arasında təhsil sahəsində qurulmuş əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün zəmin yaradacaq.
Tədbirdə İtaliyanın ölkəmizdəki səfiri Gianpaolo Cutillo çıxış edərək bugünkü layihənin, 132-134 nömrəli Təhsil Kompleksi ilə İtaliyanın İSAAC NEWTON liseyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçirildiyini bildirdi və bu əməkdaşlığı yüksək qiymətləndirdi. Səfir həmçinin Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin bundan sonra da daha da genişlənəcəyini diqqətə çatdırdı.O, Azərbaycan və İtaliya dövlətlərinin tarixi, qədim türk və İtaliya mədəniyyətlərinin ümumi kökləri barəsində də ətraflı məlumat verdi. Hazırda iki dövlət arasında siyasi, mədəni, iqtisadi əlaqələrin lazımi mərhələdə olduğunu məmnunluqla vurğuladı.
İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kazaqrande çıxış edərək bu təşkilat haqqında iştirakçılara ətraflı məlumat verdi və əsas məqsədin İtaliya və Azərbaycan dövlətləri arasında təhsil sahəsində də əməkdaşlığın yüksək mərhələyə çatdırılması olduğunu diqqətə çatdırdı.
Sonra tədbir bədii hissə ilə davam etmişdir. 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin ifasında Azərbaycan, rus, ingilis, fransız və italyan dillərində söylənilən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda Təhsil Kompleksinin şagirdlərinin rəsm işlərindən ibarət sərgi nümayiş olunmuşdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin