“Təhsil müəssisələrimizdə ekoloji çirklənmənin mahiyyəti açılmır”

0
Hər bir işdə maariflənmənin önəmli olduğunu düşünüb hesab edirik ki, ölkəmizin ekologiyasının qorunmasında da birinci növbədə ekoloji maariflənmənin miqyasını genişləndirmək lazımdır. 
 Maariflənmə isə, Alman filosofu İ. Kantın təbiri ilə desək, insanlığın özü-özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilas olmaq deməkdir. Yetkin olmaq isə insanın başqaları tərəfindən yönləndirilmədən öz ağlından istifadə etmək bacarığının olmasıdır. Bu səbəbdən də, ekologiyanın çirklənməsinin nə demək olduğunu, onun bəşəriyyət üçün hansı mənfi nəticələrə gətirib çıxaracağını dərk edən cəmiyyətlə ekoloji problemlərin həlli istiqamətində daha səmərəli iş görmək mümkündür.“Ekoloji tərbiyə birinci ailədə verilməlidir”Mövzumuzla bağlı suallarımızı cavablandıran sosioloq Rəfail Həsənov bildirdi ki, vətədaşlarımızın ekoloji tərbiyə işinə dırnaq arası baxmasına baxmayaraq, bu məsələ bütün dünyada çox aktualdır. Onun sözlərinə görə, ekoloji maariflənmə işlərinə insanların uşaqlıq yaşlarından başlamaq lazımdır.  Çünki, insan şəxsiyyəti 5 yaşına qədər formalaşır. Müsahibimiz qeyd etdi ki, müəyyən yetkinlik yaşına çatan insanlar arasında aparılan maariflənmə işlərinin effekti az olur. R. Həsənov həmçinin vurğuladı  ki, uşaqlara ekoloji tərbiyə birinci növbədə ailəsində verilməlidir: “Uşaqlar bir çox şeyləri olduğu kimi ekoloji tərbiyəni də sevdikləri və inandıqları valideynlərindən görüb-götürməlidirlər. Misal üçün zibilin atılması məsələsini götürək. Valideyinlər uşaqlarına izah etməldilər ki, zibili hara gəldi atmaq olmaz. Buna da birinci növbədə özləri əməl etməlidirlər ki, övladları işin ciddiliyini anlasınlar”. R. Həsənovun sözlərinə görə, ailə ilə yanaşı bağçada, məktəbdə də bu iş sistemli olaraq aparılmalıdır.  Cəmiyyətin maariflənməsində KİV-lərin böyük əhəmiyyət kəsb etdiyini deyən həmsöhbətimiz onların da bu sahədə yetərincə fəal olmadığını qeyd etdi. Son olaraq müsahibimiz bildirdi ki, dövlət də ekoloji maariflənmə istiqamətindəki fəaliyyətlərini genişləndirməli, bu işin səmərəliliyini artırmaq üçün müəyyən qanunlar qəbul etməlidirlər.”QHT-lər günlük tədbirlərə daha çox diqqət ayırırlar”Ekoloji maariflənmə sahəsində QHT-lərin fəaliyyəti haqqında danışan “İRƏLİ” İctimai  Birliyinin sədri Rauf Mərdiyev bildirdi ki, gənclərin bu işlərə cəlb olunmasının əhəmiyyəti böyükdür. Buna görə də, QHT-lərin və gənclər təşkilatlarının cəmiyyətdə ekoloji maariflənmə işlərinin aparılması sahəsində böyük potensialı var: “QHT-lərin dövlət müəssələrindən fərqli  olaraq bu sahədə daha effektli iş görmə imkanları var. Ölkəmizdə fəaliyyət göstərən QHT-lər isə günlük tədbirlərə daha çox diqqət ayırırlar. Misal üçün bir gün ağac əkirlər və s. Hesab edirəm ki, təşkilatlarımız bu işə yaradıcı yanaşaraq insanların diqqətini çəkən yeni təbliğat formalaları tapmalıdırlar”. Müsahibimizin sözlərinə görə, ekoloji maariflənmə sahəsində xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların təqdir olunası təcrübələri var. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar da dünya təcrübəsindən yararlanmalıdırlar.“Təhsil müəssisələrimizdə ekoloji çiklənmənin mahiyyəti açılmır”Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə təhsil müəssələrimizdə  ekoloji maariflənmə işinin lazımi səviyyədə aparılmadığını dedi: “Təhsil müəssisələrimizdə şagirdlərə,  tələbələrə ekoloji çirklənmənin mahiyyəti açılmır. Buna görə də, ekoloji tərbiyə baxımından deyilən sözlərin heç bir təsiri olmur”. Təhsil ocaqlarında ekoloji maariflənmə işinin səmərəliliyinin artırılması  yolları haqqında da danışan Ə. Ağayev bildirdi ki, bunun üçün tədris prosesinə ekoloqlar cəlb olunmalıdır. Onun sözlərinə görə, hazırda bu sahə üzrə dərs deyən müəllimlərin əksəriyyətinin sadəcə ekologiyaya aid ilkin bilikləri var. Bu müəllimlər də təbii ki, mahiyyətə nüfuz edə bilmirlər. Müsahibimiz qeyd etdi ki, ekologiyanın çirklənməsinin insan sağlığı üçün çox təhlükəli olması  insanların ekoloji biliklərə yiyələnməsi zərurətini doğurur. Ulu öndər Heydər Əliyevin “Bir ağac kəsən elə bilsin ki, mənim qolumu kəsir” sözlərini xatırladan Ə. Ağayev vurğuladı ki, təhsil müəssisələrində  ekoloji maariflənmə işi elə təşkil olunmalıdır ki, ətraf mühiti qorumaq insanların vətəndaşlıq məsuliyyətinə çevrilsin. Onun sözlərinə görə, istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunan dərsliklər ekoloji maariflənmə baxımından nə qədər mükəmməl olsa da, insanın şəxsi nümunəsi onu qabaqlayır: “Çox illik təcrübəm nəticəsində bu qənaətə gəlmişəm ki, insanın şəxsi nümunəsi hər şeydən ötədir. Ona görə də, ekoloji maariflənmə üçün yaşlılardan uşaqlara, yüksək dövlət məmurlarından adi vətəndaşlara qədər hər kəs öz-özlüyündə bir nümunə olmalıdır. Hazırkı cəmiyyətdə maariflənmənin əsas yolu budur”.

Müsahibimiz bildirdi ki, hazırkı dərs vəsaitlərində azdan çoxdan ekoloji biliklərin verilməsi məsələsinə diqqət ayrılıb. Amma əsas məsələ müəllimin peşəkarlığıdır: “Hazırda ekoloji maariflənməyə dərsliklərimizdə az yer ayrılsa belə, ekologiyanın bütün məsələlərini İKT vasitəsilə auditoriyaya gətirmək mümkündür. Bundan başqa gərək ekoloji biliklər verən elektron dərs vəsaitləri də hazırlansın. Müəllim də mövzu ilə ətraf mühitlə bağlı istədiyi məlumatları əldə edə bilsin. Təəssüflə qeyd edirəm ki, bizim məktəblərin böyük əksəriyyətində bu tip vəsaitlər yoxdur. Ancaq sözlə, söhbətlə 30 il bundan qabaqki maariflənmə metodu ilə gedirik. İndi isə bu metod keçərli deyil. Çünki uşaq gözü ilə görmək istəyir”. Müsahibimizin sözlərinə görə, kurikulum da ekoloji maariflənmə işindən demək olar ki uzaqdır: “Kurikulumda heç nəzərdə tutulmayıb ki, şagirdlərə ekoloji biliklər verilsin. Ekoloji maariflənmə işində sistemlilik, məntiqi ardıcıllıq olmalıdır”. Ə. Ağayev onu da qeyd etdi ki, ali məktəblərdə də, xüsusən də humanitar sahələrdə təhsil alan tələbələrə ekoloji biliklərin verilməsi işi çox aparılır. Müsahibimiz bildirdi ki, yalnız pedaqogikada tərbiyə bəhsində ekoloji tərbiyədən də danışılır. Vəssalam. O da dərs xatirinə keçirilir. Dərs xatirinə keçirildiyi üçün də onun bir nəticəsi olmur. Ə. Ağayevin sözlərinə görə, bu gün ekoloji tələblərə cavab verməyən avtomobillərdən istifadə etmək də ekoloji tərbiyənin olmaması ilə bağlıdır: “Xüsusən ali məktəblərdə ekoloji təlim ilə əlaqəli xüsusi tədbirlər sistemi həyata keçirilməlidir. Hesab edirəm ki, ekologiya, təhsil və səhiyyə nazirliklərinin bununla bağlı kompleks tədbirlər planı olmalıdır. Vaxtilə belə bir  layihə hazırlanmışdı. Amma kağız üzərində də qaldı. Buna görə də nəticəsi olmadı”.

“30-dan çox ali təhsil ocaqlarında “Ekoklub”lar formalaşdırılıb””

Ekoloji maariflənmə işinin ətraf mühütün qorunmasında böyük önəm kəsb etdiyini vurğulayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin müdiri Amil Sefiyev bu istiqamətdə ötən il ərzində bir çox işlər həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, 2013-cü il ərzində Nazirliyin Ekoloji Təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda 1200-dən artıq kütləvi tədbirlər həyata keçirilib: “Ətraf mühitin vəziyyəti, bu sahədə olan problemlər, onların aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə Respublikanın müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “Yaşıllıqların mühafizəsi”, “Uşaqlara təmiz su – təmiz həyat”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “İnsan və Təbiət”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi – sağlamlığımıza təminatdır”, “5 iyun “Ümumdünya ətraf mühit” günüdür”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri”, “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunub”. A. Sefiyev onu da bildirdi ki,  Bakının müxtəlif yerlərində (Mətbuat, Nobel və Z.Bünyadov prospektləri, Ə.Haqverdiyev və M.Müşfiq küçələri, Salyan şössesi) ekoloji maarifləndirmə məqsədilə 8 ədəd lövhə quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Müsahibimiz ekoloji maariflənmə işlərinin aparılmasında ölkədə fəaliyyət göstərən ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq etdiklərini bildirdi: “Ötən il ərzində ətraf mühit problemlərinin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması, bu  istiqamətdə həyata keçirilən layihələrin daha səmərəli və nəticələrinin dayanıqlı olması, ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması və mövcud əməkdaşlığın gücləndirilməsi məqsədilə 30-dan artıq ali təhsil müəssisəsində ətraf mühit sahəsində təhsil alan tələbələrdən ibarət “Ekoklub”lar formalaşdırılıb”. Müsahibimiz  “Ekoklub”ların fəaliyyəti haqqında da ətraflı məlumat verdi: “Ali təhsil müəssisələrində “Ekoklub”larla birgə Nazirliyin mütəxəssislərinin iştirakı ilə keçirilmiş ekoloji təbliğat xarakterli seminarlarda, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi mövzularında tədbirlər keçirilib. Həyata keçirilmiş tədbirlərdə iştirakçılara Azərbaycan Respublikasının ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilib. Həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb, bu istiqamətdə gənclərin fəal rolu qeyd olunub, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi diqqətə çatdırılıb”.

A. Sefiyevin sözlərinə görə keçən il ərzində Beynəlxalq ekoloji təqvim günlərində də ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilib. Müsahibimiz bildirdi ki, hər il mütəmadi olaraq “Xəzər həftəsi” adlı tədbir keçirilir. Bu tədbir çərçivəsində də “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda ictimaiyyət nümayəndələrin iştirakı ilə dəyirmi masalar və  Xəzər dənizinin sahil zolağı yaşayış məntəqələrinin orta məktəblərində “Xəzər dənizinin mühafizəsi” mövzusunda lektoriyalar keçirilib. Şagirdləri, ictimaiyyəti maraqlandıran suallar isə nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb, dənizin sahilində təmizlik abadlıq işləri həyata keçirilib. A. Sefiyev onu da qeyd etdi ki, 2013-cü ilin 20-22 noyabr tarixində “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib, ətraf mühit haqqında məlumatları özündə əks etdirən 2 mindən artıq buklet və broşur sərgi ziyarətçiləri arasında paylanılıb. Həmçinin, Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi sahəsində görülən işlərə dair yerli idarəetmə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilib. A. Sefiyev bildirdi ki, ekoloji təbliğat sahəsində Orxus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərindəki Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində ətraf mühitə dair siyasətin formalaşmasında hökumət və qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edilib. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən işlər haqqında da məlumat verən A. Sefiyev qeyd etdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həmçinin regionlarda ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması məqsədilə ictimai müzakirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin