“Ən yaxşı müəllim direktor olmalıdır” fikirindən uzaqlaşmaq lazımdır”

0

Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin idarə edilməsinin səmərəliliyini artırmaq və nəticənin müsbət mənada inkişafı məqsədilə təlimlər keçirəcək. Bu haqda təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, təlimlər bu ilin yanvarından keçirilməyə başlanıb: “Hər bir peşəkar bu kurslara müraciət edə bilər. Kursların nəticəsində yeni reallığa, idarəetmə qabiliyyətinə, biliyə malik olan insanlar yetişdiriləcəklər. Bu təlimlərdə, hazırda məktəb direktoru işləyən insanlar da iştirak edə bilərlər”.

Təhsil Nazirliyinin rəsmi açıqlamasına görə, Müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və ilkin mərhələdə sadəcə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərə şamil edilmək şərtilə, 3 ay (yanvar ayının 21-dən, aprel ayının 21-ə qədər) müddətində tətbiq olunması nəzərdə tutulur.

“Layihəyə seçim 3 mərhələdən

ibarət olacaq”

Direktorların müsabiqə yolu ilə vəzifəyə təyin edilməsi ilə bağlı, layihənin rəhbəri, Qafqaz Universitetinin müəllimi İsa Dağ Arif məlumat verdi. Onun sözlərinə görə, layihəyə müraciət edənlər üçün say məhdudiyyəti yoxdur: “Treninqlərdə iştirak etmək üçün say məhdudiyyəti yoxdur. 3 mərhələdə keçiriləcək müsabiqənin birinci mərhələsi müraciətlərə əsasən keçiriləcək. İddialılar yazılı şəkildə keçəcəkləri ikinci imtahan mərhələsi esse yazmaqdan ibarət olacaq. Son mərhələdə isə onlar arasında müsahibə aparılacaq. Fikir, məntiq, riyaziyyat və təfəkkürlə bağlı səviyyələri ölçüləcək. Hər 3 mərhələnin nəticəsi olaraq, 50 nəfərin seçimi nəzərdə tutulur”. Layihə rəhbərinin sözlərinə görə, layihə sadəcə, direktorların elmi səviyyəsinin artırılması ilə məhdudlaşmır: “Təlimlərdə kurrikulum, valideynlərlə, ictimaiyyətlə iş, maliyyə idarəetməsi və minimal mühasibat, büdcənin qurulması və idarə olunması, statistik biliklərin verilməsi, məlumatlar sistemi ilə iş, informasiya kommunikasiya texnologiyaları və bunun tədrisə tətbiqi, təhsil hüququ, sənədləşmə, normativ hüquqi aktlarla iş, məktəbdaxili nizam-intizam prosedur qaydaları və digər sosial fəaliyyətlərin yer almasını nəzərdə tutmuşuq”.

Layihənin missiyası…

İsa Dağın açıqlamasına görə, istənilən müəllim direktor vəzifəsinə təyin oluna bilər: “Ancaq savadlı, bilikli olmaq mükəmməl direktor olmaq demək deyil. Zəngin dünyagörüşünə malik, müasir informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına tövhələr verə biləcək məktəb direktorları yetişdirmək layihənin qarşısında duran əsas məsələlərdən biridir. Proqramın sonunda isə, keçilən hər bir dərsdən imtahan aparılacaq. 100 ballıq sistemlə qiymətləndiriləcək imtahanlardan ən azı 70 bal toplayanlar qənaətbəxş hesab edilir və onlara sertifikatlar verilir”. Layihə rəhbəri müsabiqədə iştirak etmə şərtlərini belə izah etdi: “Müsabiqədə iştirak edənlər bakalavr təhsilli, 5 illik pedaqoji iş təcrübəsi olan və hazırda təhsil sahəsində çalışanlardırlar. Büdcə məsələsinə gəlincə onu qeyd etmək istərdim ki, bu layihə çərçivəsində iştirak edən hər bir nəfər üçün ödəniş 310 manatdır. Layihənin cəmi qiyməti isə 15500 manat nəzərdə tutulub”.

“Təlimdə iştirakdan məhrum olan, direktor vəzifəsindən məhrum

olmayacaq”

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev direktor müsabiqəsi haqqında açıqlama verib. Onun sözlərinə görə, hər hansı bir mərhələni keçməyən direktor sadəcə təlimdə iştirakdan məhrum olacaq. Amma direktor kimi vəzifəsini davam etdirə biləcək. Çünki bu, attestasiya deyil, təlim üçün seçimdir. Təlim isə dövlət standartı əsasında aparılmır. Bu, yalnız icraçı tərəfindən müəyyən edilmiş şərtlər əsasında keçirilir. Təlimlər Qafqaz Universiteti tərəfindən keçirilir və Təhsil Nazirliyi layihənin sifarişçisidir və yalnız maliyyə dəstəyi verir. Şərtlər icraçı tərəfindən müəyyən edilib. Buna görə həmin şərtlər direktorun işini qiymətləndirmək üçün əsas ola bilməz. Amma bu, özü-özlüyündə düşünməyə əsas verəcək”.

“Əsas məqsədimiz direktorların

biliyini deyil, idarəediciliyini

artırmaqdır”

E.Əmrullayev əsas məqsədin məktəblərdə idarəediciliyin artırılmasının vacibliyini bildirib: “Gələcəkdə yalnız pedaqoji fəaliyyəti olanları deyil, daha çox idarəetmə təcrübəsi, bacarığı olan insanları məktəb idarəetməsinə cəlb edə bilərik. İdarəetmə qabiliyyəti olan valideynlər də bu vəzifəyə cəlb edilə bilərlər. “Ən yaxşı müəllim direktor olmalıdır” kimi ənənəvi fikirlərdən uzaqlaşmaq lazımdır. Bizim də treninqlərdən gözlədiyimiz budur”.

Direktorların fikrinə görə…

Direktorların fikrincə, onların xüsusi qaydalarla seçilməsi bir çox şeyləri müsbətə doğru dəyişə bilər. Bu yenilik ilk növbədə təhsilin idarə edilməsində keyfiyyət dəyişikliyi yaradacaq. Nərimanov rayonu 177 saylı orta məktəbin direktoru Həqiqət Qarayeva bu müsabiqədə iştirak etməsə də, treninqlərin keçirilməsi fikrinin təqdirəlayiq hal olduğunu bildirdi: “Əvvəllər direktor vəzifəsinə təyin olunanda, ilk olaraq müəllimləri direktor müavini, daha sonra isə, direktor vəzifəsinə təyin edirdilər. Belə olan halda isə, düşünürəm ki, direktor vəzifəsinə təyin edərkən, onun savadı ilə yanaşı, idarəçilik qabiliyyəti də əsas götürüləcək, yəni, bacarığı və savadı olan müəllim birbaşa olaraq direktor vəzifəsinə təyin oluna biləcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin